`Kütləvi çıxarış` kampaniyası Sabunçuda


20:16     11 Fevral 2017 1486808424381233299.jpg

Əmlak Məsələləri Dövlət Komitəsinin əmlakın qeydiyyatı xidmətlərini maksimum əlçatan edən “Kütləvi çıxarış” kampaniyası respublikanın bütün regionlarında olduğu kimi, paytaxt rayonlarında da davam etdirilir.


Komitənin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin dövlət xidmətlərinin əhaliyə daha rahat, sürətli və şəffaf şəkildə təqdim olunması barədə tapşırıqları çərçivəsində həyata keçirilir. Komitənin sosial layihələri qeyd olunan sahədə göstərilən ictimai xidmətlərdən məmnunluq səviyyəsinin artmasına səbəb olur. Kampaniya regionlarda vətəndaşlara xidmət göstərməklə yanaşı, paytaxtda və respublikanın digər şəhərlərində inşa edilmiş çoxmərtəbəli binalarda mənzil sahibi olan sakinlər üçün də təşkil olunur.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fevralın 11-də keçirilən növbəti “Kütləvi çıxarış” kampaniyasından Sabunçu rayonunun, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi ünvanında yerləşən 5 girişli “Bakıxanov Residence I” yaşayış kompleksinin 360 mənzilli binada yaşayan sakinlər faydalanıb.

Belə ki, “Bakıxanov Residence I” yaşayış kompleksinin 40-a yaxın sakini öz mənzillərinə dair hazır çıxarışlar əldə ediblər. Həmçinin bir qisim sakindən çıxarışla əvəz olunması üçün ilkin mülkiyyət sənədləri qəbul edilib.

Diqqətə çatdırılıb ki, kampaniya birbaşa olaraq vətəndaşların yaşadığı binanın ünvanında keçirilir. Bununla da bina sakinləri vaxtlarına qənaət edərək, gündəlik işlərindən ayrılmadan, öz ünvanlarında mənzillərinə dair çıxarışlar əldə ediblər. Bütün bunlar əlçatanlığı artırmaqla vətəndaş məmnunluğunun yüksəlməsinə xidmət edir. Sakinlər sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, xidmətlərin birbaşa ünvana çatdırılmasından razılıqlarını ifadə ediblər.

Qeyd olunub ki, çoxmərtəbəli binaların mənzillərinin çıxarışla təmin olunması böyük əhəmiyyət daşıyır. Belə ki, çıxarış verilən mənzil artıq dövlət tərəfindən qeydiyyata alınan, hüquqi zəmanətli və etibarlı əmlakdır. Belə əmlak istənilən hüquqi əməliyyatlara (alqı-satqı, girov, bağışlama və s.) rahatlıqla cəlb oluna bilir. Yeni tikili binaların (MTK) mənzillərinə çıxarış əldə etmək üçün lazım olan sənədlərə istismara Qəbul aktı (bina üçün), protokoldan çıxarış və maliyyə arayışı daxildir. Vətəndaşlar yuxarıda sadalanan sənədləri komitənin əməkdaşlarına təqdim etməklə, birbaşa ünvanlarda hazır çıxarış əldə edə bilərlər.

Xidmətlərin çatdırılması zamanı dövlət rüsumu və xidmət haqqı istisna olmaqla, əlavə heç bir ödəniş tələb olunmur. Kampaniya çərçivəsinində vətəndaşların bir qismi komitənin yeni istifadəyə verdiyi “Əmlakın qeydiyyatı kalkulyatorundan” (http://www.emdk.gov.az/calculator/index.html) istifadə edərək sənədləşdirmə üçün zəruri rüsum və xidmət haqqını öncədən öyrənməklə vaxtlarına qənaət etdiklərini bildiriblər.

Kampaniya zamanı vətəndaşlara bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hüquqi məsləhət xidmətləri davam etdirilir. İstənilən vətəndaş daşınmaz əmlakla bağlı rəsmi əməliyyat aparmazdan qabaq bir ünvana – birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edib, təmənnasız olaraq hüquqi yardım ala bilirlər. Bundan əlavə, komitənin mobil ofis xidmətləri gündəlik olaraq respublikanın müxtəlif ərazilərinə gedərək fərqli növlərdə qeydiyyat xidmətləri göstərir. Bu xidmətlərin həyata keçirilməsində başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilik və prosedurlar barədə vətəndaşları maarifləndirmək və göstərilən xidmətləri daha da sadələşdirməkdir.

“Kütləvi çıxarış” kampaniyasından faydalanmaq istəyən şəxslər 148 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər. Kampaniyanın və mobil ofis xidmətinin keçirildiyi aylıq cədvəl komitənin rəsmi internet səhifəsində (https://goo.gl/XgyJyw) yerləşdirilir.

Xatırladaq ki, komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1149